Heyvanların qorunması
Dənizdə yaşayan heyvanlar üçün qitələr, qitələrdə yaşayanlar üçün isə dənizlər keçilməz coğrafi sədlərdir. İlk su heyvanı (xərçəng, balıq və s.) quruya çıxarıldıqda tələf olur, ilk quru heyvanları isə (kərtənkələ, quş, ceyran və s.) suyun altında uzun müddət qala bilməz. Soyuq iqlimdə yaşayan ağ ayı və pinqvin mülayim və isti iqlimə dözə bilmir. Eyni coğrafi ərazi daxilində hər bir bioloji növ özünün təkamül prosesində müəyyən yaşama şəraitinə uyğunlaşmışdır. Elə bir növ yoxdur ki, o hər cür ekoloji şəraitdə yaşaya bilsin. Ağacdələn, sincab və s. meşə heyvanı səhrada yaşaya bilməz, dəvə və sünbülqıran kimi səhra heyvanı da meşədə ola bilməz. Ceyran düzənlik heyvanıdır, o, dağda bərk qaçıb özünü qoruya bilmir, amma dağ keçisi üçün sıldırım qayalıqlar ən yaxşı yaşama yeridir. Hər bir heyvanın davranışı başqasından fərqli olur. Onlar özünəməxsus təbii komplekslər (birliklər) əmələ gətirməyə cəhd edir.